0:00
0:00


تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ

Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ

Biz Kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də, dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, Ona ibadət et!

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ

Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

لَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ

Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır.

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّـٰرُ

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.

خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ ثُمَّ جَعَلَ مِنۡهَا زَوۡجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلۡأَنۡعَٰمِ ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۚ يَخۡلُقُكُمۡ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡ خَلۡقٗا مِّنۢ بَعۡدِ خَلۡقٖ فِي ظُلُمَٰتٖ ثَلَٰثٖۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُصۡرَفُونَ

Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!

إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.

۞وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيۡهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعۡمَةٗ مِّنۡهُ نَسِيَ مَا كَانَ يَدۡعُوٓاْ إِلَيۡهِ مِن قَبۡلُ وَجَعَلَ لِلَّهِ أَندَادٗا لِّيُضِلَّ عَن سَبِيلِهِۦۚ قُلۡ تَمَتَّعۡ بِكُفۡرِكَ قَلِيلًا إِنَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِ

İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”

أَمَّنۡ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيۡلِ سَاجِدٗا وَقَآئِمٗا يَحۡذَرُ ٱلۡأٓخِرَةَ وَيَرۡجُواْ رَحۡمَةَ رَبِّهِۦۗ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَۗ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.

قُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّـٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ

Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”.

قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur.

وَأُمِرۡتُ لِأَنۡ أَكُونَ أَوَّلَ ٱلۡمُسۡلِمِينَ

Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”.

قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ

De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”.

قُلِ ٱللَّهَ أَعۡبُدُ مُخۡلِصٗا لَّهُۥ دِينِي

De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.

فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ

Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”

لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ

Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!

وَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّـٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ

Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!

ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَـٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.

أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ

Haqqında əzab sözü gerçəkləşmiş kimsəni və Cəhənnəmdə olacaq kəsi sənmi xilas edəcəksən?

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ

Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ

Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.

ٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ

Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.

أَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّـٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ

Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs möminlə eynidirmi? Zalımlara: “Qazandığınızı dadın!”– deyilər.

كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ

Onlardan əvvəlkilər də peyğəmbərləri yalançı saymışdılar və buna görə əzab da onlara gözləmədikləri yerdən gəldi.

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ

Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr.

قُرۡءَانًا عَرَبِيًّا غَيۡرَ ذِي عِوَجٖ لَّعَلَّهُمۡ يَتَّقُونَ

Biz onlara heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorxsunlar.

ضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir.

إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ

Əslində, sən də öləcəksən, onlar da öləcəklər!

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ

Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz.

۞فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ

Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?

وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ

Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ

Onlar üçün Rəbbinin yanında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur.

لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ

Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəkdir.

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ

Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz.

وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ

Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi?

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ

De: “Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,

مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ

kimə rüsvayedici əzab gələcək, kim də sürəkli əzaba düçar olacaqdır”.

إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ

Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.

ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.

أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَۚ قُلۡ أَوَلَوۡ كَانُواْ لَا يَمۡلِكُونَ شَيۡـٔٗا وَلَا يَعۡقِلُونَ

Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?”

قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ

De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ

De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!”

وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ

Yer üzündə olanların hamısı və, üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır.

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri əzab onları bürüyəcəkdir.

فَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir.

قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ

Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi.

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ

Onlar işlətdikləri pis əməllərin cəzasına çatdılar. Bunlardan zalım olanlara da qazandıqları günahların cəzası yetişəcək və onlar qaçıb canlarını qurtara bilməyəcəklər.

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ

Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyinə də onu azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır.

۞قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”

وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz.

وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ

Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!

أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّـٰخِرِينَ

Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!”

أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ

Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!”

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ

Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olardım!”

بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ

Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.

وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?

وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər.

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ

Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.

قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ

De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?”

وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.

بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ

Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّـٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır.

وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ

Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.

وَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.

وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُوَ أَعۡلَمُ بِمَا يَفۡعَلُونَ

Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi.

قِيلَ ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ

Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!”– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ إِلَى ٱلۡجَنَّةِ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيۡكُمۡ طِبۡتُمۡ فَٱدۡخُلُوهَا خَٰلِدِينَ

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي صَدَقَنَا وَعۡدَهُۥ وَأَوۡرَثَنَا ٱلۡأَرۡضَ نَتَبَوَّأُ مِنَ ٱلۡجَنَّةِ حَيۡثُ نَشَآءُۖ فَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ

Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”

وَتَرَى ٱلۡمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ

Sən mələklərin, Ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir.

السورة التالية
Icon