وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ يَبۡخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ هُوَ خَيۡرٗا لَّهُمۖ بَلۡ هُوَ شَرّٞ لَّهُمۡۖ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِۦ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!


لَّقَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ فَقِيرٞ وَنَحۡنُ أَغۡنِيَآءُۘ سَنَكۡتُبُ مَا قَالُواْ وَقَتۡلَهُمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَنَقُولُ ذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ

“Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: “Dadın atəşin əzabını!” – deyəcəyik.


ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّامٖ لِّلۡعَبِيدِ

Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!


ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيۡنَآ أَلَّا نُؤۡمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأۡتِيَنَا بِقُرۡبَانٖ تَأۡكُلُهُ ٱلنَّارُۗ قُلۡ قَدۡ جَآءَكُمۡ رُسُلٞ مِّن قَبۡلِي بِٱلۡبَيِّنَٰتِ وَبِٱلَّذِي قُلۡتُمۡ فَلِمَ قَتَلۡتُمُوهُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ

“Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö’cüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”



الصفحة التالية
Icon