۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ
(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
فَإِن تَوَلَّيۡتُمۡ فَمَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ
Əgər siz (mənim öyüd-nəsihətimdən, də’vətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”
فَكَذَّبُوهُ فَنَجَّيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ وَجَعَلۡنَٰهُمۡ خَلَـٰٓئِفَ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!