ٱقۡتَرَبَ لِلنَّاسِ حِسَابُهُمۡ وَهُمۡ فِي غَفۡلَةٖ مُّعۡرِضُونَ
İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ
Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ
Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur’an sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.
قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!”