12. Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. Vəfat etmiş kişinin və ya qadının valideyni və övladı olmadığı halda malı varislərə qalarsa və eyni anadan bir qardaşı yaxud bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, varislərə zərər yetirməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah hər şeyi biləndir, həlimdir.