حمٓ
Ha, Mim!
تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ
Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!
مَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۚ وَٱلَّذِينَ كَفَرُواْ عَمَّآ أُنذِرُواْ مُعۡرِضُونَ
Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana də’vət edən öyüd-nəsihətdən) üz döndərdilər.
قُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur’andan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!