يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir.
قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir.
وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!”
إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَـٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ
Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.