surah.translation .


Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Giriftar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!

O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.

Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir.

Biz Musanı möcüzələrimizlə göndərib ona: “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”- dedik. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.

O zaman Musa öz xalqına demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”.

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.

Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”.

Sizdən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs heç nə bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz tövhid barəsində şübhə doğuran şəkk içindəyik!”

Elçiləri onlara dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır”. Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.

Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.

Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər”.

Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək

və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.

Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.

Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək.

O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.

Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur.

Allahın göyləri və yeri haqdan yaratdığını görmürsənmi? Əgər O, istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər.

Bu, Allah üçün çətin deyildir.

Axirət günü hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.

İman gətirib saleh əməllər edənlər isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil ediləcəklər. Onların orada qarşılaşarkən bir-birinə deyəcəkləri söz: “Salam!” olacaqdır.

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.

O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.

Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir.

Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.

Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi?

Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir!

Onlar insanları Allah yolundan sapdırmaq üçün bütləri Ona tay tutdular. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”.

İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər.

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi;

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi.

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.

Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.

Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən.

Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.

Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.

Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!

Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.

O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır).

İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. Onlara deyiləcəkdir: “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?!

Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”.

Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.

Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hüzurunda duracaqlar.

O gün günahkarları zəncirlənmiş görəcəksən.

Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir.

Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.