surah.translation .


(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!

Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.

Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!

Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!

Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!

Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər bir şeyə şahiddir!

(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!

(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və ürəklərində: “(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!

Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!

Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!

Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mö’min qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!

Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir!

Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!

(Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını (mö’min müsəlmanların sirlərini onlara verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri barədə) yalandan and içirlər.

Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!

Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.

Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından) qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!

Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!

Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr içərisində olacaqlar!

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.