ﮏ
ترجمة معاني سورة آل عمران
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﭑ
ﰀ
1. Əlif. Ləm. Mim.
2. Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur.
3. O bu Kitabı sənə özündən əvvəlkiləri təsdiqləyən, həm də, haqq olaraq nazil etdi. Tövratı və İncili də, O nazil etdi –
4. daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir.
5. Sözsüz ki, nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.
6. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.
7. Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Kitabın anasıdır. Digərləri isə mutəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir.” Ağıl sahiblərindən başqa heç kəs bunu dərk edə bilməz.
8. Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.
9. Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə, insanları bir yerə cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!
10. Kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.
11. Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da, onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.
12. Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanacaqsınız! Ora nə pis yataqdır!”
13. Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Möminlər kafirlərin sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
14. Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür. Halbuki gözəl qayıdış yeri Allah yanındadır.
15. De: “Sizə bunlardan daha xeyirlisini xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın rizası vardır.” Allah qullarını görəndir.
16. O kəslər ki, deyirlər: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”
17. Onlar səbir edən, dürüst olan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın Allahdan bağışlanma diləyən kimsələrdir.
18. Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa ibadətə layiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.
19. Həqiqətən, Allah yanında haqq din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.
20. Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Kitab verilənlərə və savadsızlara de: “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görəndir.
21. Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ!
22. Onlar dünyada da, axirətdə də, əməlləri puç olan kimsələrdir. Onların yardımçıları da olmaz.
23. Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm etməsi üçün Allahın Kitabına dəvət olunurlar. Sonra onlardan bir dəstə üz çevirib geri dönür.
24. Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartmışdır.
25. Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?
26. De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
27. Sən gecəni gündüzə qatır, gündüzü isə gecəyə qatırsan. Ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən.”
28. Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kəs bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq kafirlərdən gələ biləcək təhlükədən çəkinməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Dönüş də ancaq Allahadır.
29. De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.”
30. Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcəyi gün, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Allah qullarına qarşı çox şəfqətlidir.
31. De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, rəhmlidir.”
32. De: “Allaha və Onun göndərdiyi Rəsula itaət edin!” Əgər üz döndərsələr, bilsinlər ki, Allah, həqiqətən də, kafirləri sevməz.
33. Doğrusu, Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmran ailəsini seçib aləmlərdən üstün etdi.
34. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
35. Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən.”
36. Nəhayət, bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm.”
37. Rəbbi Məryəmi gözəl tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin yanına mehraba daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. Nəhayət, o: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”– deyə soruşduqda, Məryəm dedi: “Bu, Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.”
38. Elə oradaca Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları eşidənsən.”
39. Zəkəriyya mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir.”
40. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah buyurdu: “Elədir, lakin Allah istədiyini edər.”
41. O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. Həmin vaxt Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”
42. Bir zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün etdi.
43. Ey Məryəm, Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et!”
44. Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin.
45. O zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və Allaha yaxın olanlardandır.
46. O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaq və salehlərdən olacaqdır.”
47. Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” Allah buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!”– deyər, o da olar.”
48. Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.
49. Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, bilin ki, bunda sizin üçün bir dəlil vardır.
50. Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.
51. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”
52. İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!
53. Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!”
54. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir.
55. O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.
56. Kafirlərə gəlincə, onlara həm bu dünyada, həm də axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də, olmayacaqdır.”
57. O ki qaldı iman gətirib saleh əməllər edənlərə, Allah onların mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz.
58. Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.
59. Həqiqətən, Allah yanında İsanın misalı Adəmin misalına bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu.
60. Haqq sənin Rəbbindəndir. Elə isə şübhə edənlərdən olma!
61. Sənə elm gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək.”
62. Həqiqətən, bu, gerçək bir əhvalatdır. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Hikmət sahibidir.
63. Əgər onlar üz çevirsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.
64. De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
65. Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Halbuki, Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?
66. Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barədə höcətləşdiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barədə höcətləşirsiniz? Allah bilir, siz isə bilməzsiniz!
67. İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.
68. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur.
69. Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Halbuki, yalnız özlərini azdırır və bunu anlamırlar.
70. Ey Kitab əhli, haqqa şahid olduğunuz halda, nə üçün Allahın ayələrinə küfr edirsiniz?
71. Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?
72. Kitab əhlindən bir zümrə bir-birinə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr.
73. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə bir-birilərinə dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında müsəlmanların sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O hər şeyi biləndir.”
74. Allah Öz mərhəmətini istədiyi kəsə məxsus edər. Allah böyük lütf sahibidir.
75. Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
76. Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevir.
77. Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
78. Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!”– deyirlər. Halbuki bu, Allah tərəfindən də deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.
79. Heç bir kəsin, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, o belə deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!”
80. O sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?
81. Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və onlara: “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?”– demişdi. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. Allah da belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam.”
82. Kim bundan sonra üz döndərərsə, məhz onlar fasiqlərdir.
83. Yoxsa onlar Allahın dinindən başqasınımı axtarırlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.
84. De: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”
85. Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.
86. İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.
87. Onların cəzası, həqiqətən də, Allahın, mələklərin və bütün insanların lənətinə uğramaqdır.
88. Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.
89. Bundan sonra tövbə edib əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
90. Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır.
91. Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcək. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur.
92. Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmazsınız. Malınızdan nə xərcləsəniz, əlbəttə ki, Allah onu bilir.
93. Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yəqubun) özünə haram etdiklərindən savayı bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”
94. Artıq kim bundan sonra Allaha qarşı yalan uydurarsa, məhz onlar zalımlardır.
95. De: “Allah doğru söyləmişdir. Elə isə İbrahimin hənif dininə tabe olun. O, müşriklərdən deyildi.”
96. Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.
97. Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.
98. De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?!”
99. De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan sapdırırsınız?!” Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir.
100. Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndərib kafir edərlər.
101. Sizə Allahın ayələri oxunduğu halda, Onun Rəsulu da aranızda ikən, siz necə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağlanarsa, həqiqətən, doğru yola yönəlmiş olar.
102. Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!
103. Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir çuxurun lap kənarında ikən O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz.
104. Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır.
105. Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.
106. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də, qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– deyiləcəkdir.
107. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti içərisində olacaq və onlar orada əbədi qalacaqlar.
108. Bunlar Allahın ayələridir ki, onları sənə haqq olaraq oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz.
109. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər sonda Allaha qaytarılacaqdır.
110. Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.
111. Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.
112. Harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aşmışlar.
113. Onların hamısı eyni deyil. Kitab əhli içərisində dinində sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.
114. Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar.
115. Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz. Allah müttəqiləri yaxşı tanıyır.
116. Kafirlərin nə malları, nə də övladları, onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
117. Onların bu dünya həyatında sərf etdiklərinin misalı, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdirlər.
118. Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. Çünki onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
119. Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz nazil olmuş kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.
120. Sizə bir uğur nəsib olduqda, bu onları kədərləndirir, sizə bir fəlakət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır.
121. Bir zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir!
122. O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
123. Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.
124. O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək köməyinizə çatması, sizə yetməzmi?”
125. Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və elə indi onlar sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.
126. Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdandır.
127. Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldürsün yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər, –
128. Bu işin sənə aidiyyəti yoxdur, – müsəlman olsalar onların tövbəsini qəbul etsin və ya inkar etsələr onlara əzab versin. Çünki onlar zalımdırlar.
129. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir.
130. Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.
131. Kafirlər üçün hazırlanmış Oddan çəkinin.
132. Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun.
133. Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.
135. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər.
136. Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!
137. Sizdən öncə də, bir çox belə hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib haqqı yalan sayanların aqibətinin necə olduğunu görün.
138. Bu Quran insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir.
139. Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, bilin ki, üstün olan kəslər sizsiniz.
140. Əgər siz Uhud döyüşündə yara almışsınızsa, əlbəttə, düşməniniz olan o qövm də bu cür yara almışdı. Biz bu günləri – qalibiyyəti və məğlubiyyəti, insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz.
141. Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin.
142. Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri bəlli etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!
143. Siz düşmənlə qarşılaşmadan öncə, Allah yolunda ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz.
144. Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mütləq mükafatlandırar.
145. Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.
146. Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevər.
147. Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.
148. Beləcə, Allah onlara həm dünya mükafatını, həm də axirət mükafatının ən gözəlini verdi. Allah yaxşı iş görənləri sevər.
149. Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi dininizdən geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri dönərsiniz.
150. Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır.
151. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer nə pisdir!
152. Siz Allahın izni ilə düşmənlərinizi qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə istədiyiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
153. O zaman Peyğəmbər arxanızdan – düşmənə yaxın olan sıralardan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düşməndən qaçırdınız. Allah da qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.
154. Sonra bu qəm-qüssənin ardınca Allah sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə, Allah barəsində haqsız yerə, cahiliyyə dövründəkinə bənzər zənnə qapıldılar. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz içərilərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir.”
155. Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri şeytan qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir.
156. Ey iman gətirənlər! Yer üzündə səfərə çıxmış və ya döyüşə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bu qənaəti onların qəlblərində bir həsrət olsun deyə yaratdı. Halbuki, Dirildən də, öldürən də, Allahdır. Allah nə etdiklərinizi görür.
157. Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şeylərdən daha xeyirlidir.
158. Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız.
159. Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
160. Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər!
161. Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə əməllərinin əvəzi tam verilər və onlara zülm edilməz.
162. Allahın rizasını qazanmağa can atan kəs, Allahın qəzəbinə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bilərmi? Ora nə pis qayıdış yeridir!
163. Onlar Allah yanında ayrı-ayrı dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!
164. Allah möminlərə, onların öz işərisindən, özlərinə Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir Elçi göndərməklə lütf göstərdi. Halbuki, bundan öncə onlar açıq-aydın azğınlıq içərisində idilər.
165. Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
166. Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın
167. və münafiqləri bəlli etsin. Münafiqlərə: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
168. Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”
169. Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.
170. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri müjdəsinə sevinirlər.
171. Onlar Allahın neməti və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağı müjdəsinə sevinirlər.
172. Yara aldıqdan sonra belə Allahın və Onun Rəsulunun dəvətini qəbul edən kimsələrdən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.
173. O kəslər ki, bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!”– dedikdə, bu söz onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər.
174. Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına uydular. Allah böyük lütf sahibidir.
175. Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
176. Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.
177. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
178. Kafirlər elə güman etməsinlər ki, onlara möhlət verməyimiz onların xeyrinədir. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
179. Allah möminləri sizin hazırda olduğunuz vəziyyətdə tərk edən deyil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Elə isə Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır.
180. Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.
181. “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və onlara deyəcəyik: “Dadın o yandırıb-yaxan əzabı!
182. Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir.” Yoxsa Allah qullarına zülm edən deyildir.
183. “Doğrusu, Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq”– deyənlərə de: “Məndən əvvəl sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”
184. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər.
185. Hər kəs ölümü dadacaq. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
186. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və Allaha şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.
187. Allah Kitab verilənlərdən: “Siz o kitabı mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!
188. Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
189. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
190. Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.
191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
192. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Zalımların heç bir köməkçisi olmaz.
193. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla bir yerdə al!
194. Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
195. Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”.
196. Qoy kafirlərin rifah içində diyarbədiyar gəzib dolaşması səni aldatmasın!
197. Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yataqdır!
198. Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan nemətlər yaxşılar üçün daha xeyirlidir.
199. Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
200. Ey iman gətirənlər! Səbir edin, düşmən qarşısında dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!