ﯟ
ترجمة معاني سورة ق
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Qaf. Şərəfli Qurana and olsun!
2. Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.
3. Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”
4. Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab vardır.
5. Lakin haqq onlara yetişdikdə onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
6. Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
7. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik.
8. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.
9. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
10. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.
11. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.
12. Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.
13. Ad qövmü, Firon xalqı, Lut tayfası,
14. Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
15. Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.
16. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
17. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.
18. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.
19. Ölüm bihuşluğu həqiqətən gələcək. Ey insan! Bu, sənin uzaq qaçdığın şeydir.
20. Sur üfürüləcək. Bu, vəd olunmuş təhdid günüdür.
21. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcək.
22. Sən bu günün haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
23. Yoldaşı (şahid mələk) deyəcək: “Bu yanımdakı hazırdır!”
24. Allah buyuracaq: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
25. xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
26. başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
27. Dostu şeytan deyəcək: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
28. Allah deyəcək: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
29. Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
30. O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcək.
31. Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaq.
32. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,
33. Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.
34. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
35. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı – Allahı görmək var.
36. Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsli məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”
37. Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət var.
38. Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.
39. Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
40. Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!
41. Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaq.
42. O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.
43. Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
44. O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
45. Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!