ﮨ
ترجمة معاني سورة القصص
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﮝ
ﰀ
1. Ta. Sin. Mim.
2. Bu, açıq-aydın Kitabın ayələridir.
3. Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.
4. Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
5. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək,
6. yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.
7. Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”– deyə vəhy etdik.
8. Fironun ailəsi onu tapıb götürdü ki, axırda onlara düşmən və başlarına bəla olsun. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.
9. Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonunu bilmirdilər.
10. Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, vədimizə inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala gördüyü işi açıb bildirəcəkdi.
11. Anası onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan Musaya göz qoyurdu.
12. Daha öncə Biz ona öz anasından başqa bütün süd analarının döşünü əmməyi qadağan etmişdik. Musanın bacısı dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”
13. Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu bunu bilmir.
14. Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.
15. O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!”– dedi.
16. Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.
17. Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!”
18. Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.
19. Musa ikisinin də düşməni olan kəsi (misirlini) yaxalamaq istədikdə o dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürməkmi istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.
20. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!”
21. Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi.
22. O, Mədyən tərəfə yollandı və: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi.
23. O, Mədyən sulağına gəlib çatanda quyunun yanında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır”.
24. Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”
25. Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!”
26. Qızlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.
27. Şueyb dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən bu müddəti on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməlisalehlərdən olduğumu görəcəksən”.
28. Musa dedi: “Bu, ikimizin arasında olan razılıqdır. Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə Vəkildir!”
29. Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağının yanında bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”.
30. Musa oraya gəlib çatdıqda sağ tərəfindəki vadinin yaxınlığında olan mübarək yerdəki ağac tərəfdən ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
31. Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı. Allah dedi: “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!
32. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır”.
33. Musa dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr.
34. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.
35. Allah dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.
36. Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər.
37. Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
38. Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.
39. Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar.
40. Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu.
41. Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.
42. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar.
43. Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.
44. Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin.
45. Lakin Biz Musadan sonra neçə-neçə nəsil yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.
46. Biz Musanı çağırdığımız zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən peyğəmbər gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq səni peyğəmbər göndərdik ki, bəlkə, düşünüb anlayalar.
47. Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, səni peyğəmbər göndərməzdik.
48. Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar demişdilər: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!” Həmçinin demişdilər: “Biz heç birinə inanmırıq!”
49. De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir Kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabe olum!”
50. Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz.
51. Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.
52. Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.
53. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər.
54. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcək. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
55. Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.
56. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır.
57. Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilmir.
58. Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.
59. Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.
60. Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər anlamırsınız?
61. Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü Cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilər?
62. O gün Allah onları çağırıb deyəcəkdir: “İddia etdiyiniz şəriklərim haradadırlar?”
63. Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.
64. Müşriklərə: “Şəriklərinizi çağırın!”– deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.
65. O gün Allah onları çağırıb: “Elçilərə nə cavab verdiniz?”– deyəcək.
66. O gün xəbərlər onlardan gizli qalacaq. Onlar bir-birindən heç bir şey soruşa bilməyəcəklər.
67. Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun.
68. Rəbbin istədiyini yaradır və istədiyini də peyğəmbər seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.
69. Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.
70. O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.
71. De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər eşitmirsiniz?”
72. De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?”
73. O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincələsiniz və gündüzü Onun lütfündən ruzi axtarasınız. Bəlkə, şükür edəsiniz.
74. O gün Allah onları çağırıb: “İddia etdiyiniz şəriklərim haradadırlar?”– deyəcəkdir.
75. Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar biləcəklər ki, haqq yalnız Allaha məxsusdur. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər.
76. Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.
77. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”.
78. Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).
79. Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.
80. Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.
81. Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.
82. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”
83. Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.
84. Kim Qiyamət günü yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.
85. Quranı sənə nazil edib vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.
86. Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!
87. Allahın ayələri sənə nazil edildikdən sonra muğayat ol ki, onlar səni bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!
88. Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaq. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.