ﮥ
ترجمة معاني سورة الفرقان
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
2. Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, səltənətində də heç bir şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.
3. Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər.
4. Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyil. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər.
5. Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər.
6. De: “Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”
7. Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?
8. Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.
9. Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər!
10. İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan cənnətlər yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
11. Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
12. Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə, onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.
13. Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyəcəklər.
14. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
15. De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət cənnəti?”
16. Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir.
17. O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
18. Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”.
19. Kafirlərə deyiləcək: “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
20. Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.
21. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
22. Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. Mələklər deyəcəklər: “Cənnətə girməyiniz qadağandır, qadağan!”
23. Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.
24. Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaq.
25. Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcək.
26. Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq.
27. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
28. Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
29. Çünki Zikr mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
30. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.
31. Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər.
32. Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik.
33. Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
34. Üzüstə sürüklənib Cəhənnəmə toplanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir.
35. Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik.
36. Onlara: “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”– dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik.
37. Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
38. Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.
39. Biz onların hamısına məsəllər çəkdik və onların hamısını büsbütün məhv etdik.
40. Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə inanmırlar.
41. Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs?
42. Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar.
43. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?
44. Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar.
45. Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik.
46. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkib qısaltdıq.
47. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.
48. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
49. onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvana və neçə-neçə insana ondan içirdək.
50. Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi.
51. Əgər istəsəydik, hər kəndə qorxudan bir peyğəmbər göndərərdik.
52. Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bu Quranla böyük bir cihad et!
53. Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
54. Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadirdir.
55. Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı şeytana köməkçidir.
56. Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.
57. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.
58. Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.
59. O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş!
60. Onlara: “Mərhəmətli Allaha səcdə edin!”– deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar.
61. Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.
62. Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.
63. Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdqda: “Salam!”– deyib keçərlər.
64. Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
65. Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir.
66. Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”
67. Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
68. Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.
69. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.
70. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
71. Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.
72. Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.
73. Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
74. Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”
75. Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.
76. Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!
77. De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaq!”