ﯕ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﭥ
ﰀ
1. Ha. Mim.
2. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.
3. Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dönüş də Onadır.
4. Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
5. Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da elçiləri yalançı saydılar. Hər ümmət öz elçisini yaxalamağı qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Görəydin Mənim cəzam necə oldu!
6. Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi.
7. Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru!
8. Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.
9. Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.
10. Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.
11. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. Oddan çıxmağa bir yol varmı?”
12. Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm Uca və Böyük Allahındır”.
13. Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar!
14. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin!
15. Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, insanları görüş günü ilə qorxutsun.
16. O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”
17. Bu gün hər kəsə qazandığının əvəzi veriləcək. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
18. Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.
19. Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir.
20. Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!
21. Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə əzabla yaxaladı və onları Allahdan qoruyan olmadı.
22. Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.
23. Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik –
24. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər.
25. Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar.
26. Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.
27. Musa dedi: “Mən hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”
28. Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.
29. Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökmranlıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.
30. Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların başına gəlmiş dəhşətli günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.
31. Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan sonrakıların düçar olduğu bəlanın bənzərinin gəlməsindən qorxuram. Allah bəndələrinə zülm edilməsini istəməz.
32. Ey qömüm! Mən başınıza gələcək fəryad qoparacağınız gündən qorxuram.
33. Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın azğınlığa saldığı kimsəyə isə yol göstərən olmaz”.
34. Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcək!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar.
35. Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir.
36. Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəlkə yollara –
37. göylərin yollarına çatım və Musanın İlahını görüm. Həqiqətən, mən Musanı yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu.
38. O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım.
39. Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur.
40. Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
41. Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırıram, siz isə məni oda çağırırsınız?
42. Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram.
43. Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər.
44. Sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görəndir.”
45. Allah Musanı onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.
46. Onları səhər və axşamüstü oda salırlar. O Saat (Qiyamət) gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!
47. O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?”– deyəcəklər.
48. Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Artıq Allah qullar arasında hökmünü vermişdir”– deyəcəklər.
49. Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
50. Gözətçilər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”– deyəcəklər. Gözətçilər də: “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə əbəsdir.
51. Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.
52. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları həm lənət, həm də pis yurd gözləyir.
53. Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğullarını Kitaba varis etdik –
54. ağıl sahiblərinə doğru yol göstəricisi və öyüd-nəsihət kimi.
55. Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə.
56. Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir.
57. Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir.
58. Korla görən, iman gətirib yaxşı işlər görənlərlə pislik edənlər eyni deyil. Necə də az düşünüb daşınırsınız!
59. O Saat mütləq gələcək, buna heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti buna inanmır.
60. Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
61. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü ruzi qazanmanız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.
62. Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur! Siz necə də haqqa qarşı dönük çıxırsınız!
63. Allahın ayələrini inkar edənlər beləcə dönük çıxırlar.
64. Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır!
65. O, əbədi Yaşayandır, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Həmd, Aləmlərin Rəbbi Allaha məxsusdur!
66. De: “Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur”.
67. Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl ölənlər də vardır. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız.
68. Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur.
69. Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də haqqa qarşı dönük çıxırlar!
70. Onlar Kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Onlar tezliklə biləcəklər;
71. o zaman ki, boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər –
72. qaynar suya tərəf; sonra odda yandırılacaqlar.
73. Sonra da onlara deyiləcək: “Haradadır şərik qoşduqlarınız –
74. Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar.
75. “Bu, sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir!
76. İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” Təkəbbürlülərin yeri necə də pisdir!
77. Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da daha öncə sənin canını alacağıq. Onlar axırda Bizə qaytarılacaqlar.
78. Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar.
79. Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır.
80. Siz onlardan başqa mənfəətlər də əldə edirsiniz. Siz onları minərək ürəyinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.
81. Allah sizə Öz möcüzələrini göstərir. Allahın hansı dəlillərini inkar edə bilərsiniz?
82. Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Müvəffəq olduqları onlara bir fayda vermədi.
83. Elçiləri onlara açıq-aydın ayələr gətirdikdə, ancaq özlərindəki biliyə sevindilər və beləliklə də, onları istehza etdikləri şey əzabla çulğaladı.
84. Onlar əzabımızı daddıqda: “Biz tək Allaha iman gətirdik və Ona şərik qoşduqlarımızı inkar etdik!”– dedilər.
85. Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar.