ﮔ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Rəsuluna itaət edin.
2. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,
3. namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər.
4. Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır.
5. Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.
6. Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.
7. O vaxt Allah sizə, iki dəstədən birinin – karvanın və yaxud kafirlərin qoşununun sizin olacağını vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.
8. O bununla günahkarların xoşuna gəlməsə də, haqqı gerçəkləşdirmək və batili puç etmək istəyirdi.
9. O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi.
10. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir.
11. O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.
12. O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!”– deyə vəhy etmişdi.
13. Bu, onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Allaha və Onun Elçisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər.
14. Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odunun əzabı da hazırlanmışdır.
15. Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin.
16. Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.
17. Onları siz öldürmədiniz, Allah onları öldürdü. Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
18. Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər.
19. Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız, Biz də qayıdarıq (möminlərə qarşı vuruşsanız, Biz də sizi məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir.
20. Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin.
21. Eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın.
22. Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır.
23. Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər.
24. Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanacaqsınız.
25. Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir.
26. Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz.
27. Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin.
28. Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.
29. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
30. Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.
31. Ayələrimiz onlara oxunduğu zaman deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.
32. O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, onda üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər.
33. Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.
34. Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir.
35. Onların müqəddəs Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı!
36. Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki,
37. Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır.
38. Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.
39. Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür.
40. Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!
41. Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.
42. O zaman siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda dənizin sahilində idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
43. O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
44. O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha qayıdır.
45. Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.
46. Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.
47. Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən əhatə etmişdir.
48. O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.
49. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Hikmət sahibidir!
50. Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını!
51. Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”.
52. Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir.
53. Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
54. Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi.
55. Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər.
56. Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər.
57. Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsınlar.
58. Əgər bir qövmün əhdi pozacağı ilə xəyanət etməsindən qorxsan, sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir.
59. Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər.
60. Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.
61. Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.
62. Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
63. Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.
64. Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.
65. Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
66. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir.
67. Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir.
68. Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı, aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı.
69. Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
70. Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”.
71. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
72. Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.
73. Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.
74. İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.
75. Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir.