ﮎ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﭑ
ﰀ
1. Əlif. Ləm. Mim.
2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.
3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;
4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
5. Onlar öz Rəbbindən gələn doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır.
6. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
7. Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir. Gözlərində də pərdə vardır. Üstəlik, onları böyük bir əzab gözləyir.
8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.
9. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və bunu anlamırlar.
10. Onların qəlblərində xəstəlik vardır, üstəlik, Allah onların xəstəliyini artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır.
11. Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq islah edənlərik!”– deyirlər.
12. Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin bunu başa düşmürlər.
13. Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Əslində, səfeh elə onların özləridir, lakin bunu bilmirlər.
14. Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!”– deyirlər.
15. Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
16. Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Onların ticarəti qazanc gətirmədi, özləri də doğru yola yönəlmədilər.
17. Onların misalı zülmət gecədə od qalayan kimsənin misalına bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
18. Onlar kar, lal və kordurlar. Odur ki, doğru yola qayıtmazlar.
19. Yaxud onların misalı zülmətlər içində göy gurultusu və şimşəklə göydən yağan leysana düşənlərin misalına bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.
20. Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onun işığında gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız.
22. O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.
23. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!
24. Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.
25. İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün altından çaylar axan cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikdə: “Bu ki, əvvəllər bizə verilən ruzilərdəndir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.
26. Heç şübhəsiz ki, Allah ağcaqanadı və ondan da kiçik olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istəyir?” Halbuki Allah bununla bir çoxlarını sapdırır, bir çoxlarını da haqq yoluna yönəldir. O, bununla məhz fasiqləri sapdırır.
27. O kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyini kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!
28. Allaha necə küfr edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi?! Sonra O sizi öldürəcək, sonra dirildəcək, sonra da siz Ona qaytarılacaqsınız.
29. Yer üzündə olanların hamısını sizin üçün xəlq edən, sonra göyə ucalıb onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir.
30. Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada, fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən?”– dedilər. O buyurdu: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
31. Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!”
32. Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
33. Allah buyurdu: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə Allah buyurdu: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?!”
34. Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.
35. Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız.”
36. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır.”
37. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.
38. Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”
39. Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!
40. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə yetirin ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Və yalnız Məndən qorxun!
41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyim Qurana iman gətirin və ona küfr edənlərin birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.
42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.
43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!
44. Siz Kitab oxuduğunuz halda, insanlara yaxşı işlər görməyi əmr edir, özünüzü isə unudursunuz?! Məgər anlamırsınız?!
45. Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir.
46. O müti kəslər ki, öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər.
47. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
48. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və onlara kömək göstərilməyəcək.
49. Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.
50. O zaman Biz sizin üçün dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.
51. O zaman Biz Musa ilə qırx gecəlik görüşməyə vədələşdik. Sonra siz onun ardından nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.
52. Sonra bunun ardınca Biz sizi əvf etdik ki, bəlkə şükür edəsiniz.
53. O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.
54. O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir.” O, sizin tövbənizi qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.
55. O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.
56. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz.
57. Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə yox, ancaq özlərinə zülm etdilər.
58. O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq.” Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.
59. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə, etdikləri günaha görə göydən əzab göndərdik.
60. O zaman Musa öz qövmü üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yaymağa səy göstərməyin!”
61. Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Elə buna görə də, bizim üçün Rəbbinə dua et ki, bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxartsın!” Musa dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?! Şəhərə enin! Şübhəsiz ki, orada sizin üçün istədikləriniz vardır!” Onlara zəlillik və düşgünlük üz verdi, üstəlik, onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrinə küfr edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.
62. Şübhəsiz ki, möminlərin, yəhudilərdən, nəsranilərdən və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
63. Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!”
64. Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.
65. Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik.
66. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
67. Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?!”– dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!”– dedi.
68. Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu yerinə yetirin!”
69. Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, sarı rəngli parlaq, həm də baxanların xoşuna gələn bir inəkdir.”
70. Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inəklər bizə bənzər görünür. Əgər Allah istəsə, biz düz yola yönələrik.”
71. Musa dedi: “Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilmiş, üstəlik, sağlam və heç bir ləkə-qüsuru olmayan bir inəkdir.” Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.
72. O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiklərinizi aşkara çıxarandır.
73. Biz dedik: “İnəyin bir parçasını ölüyə vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.
74. Sonra bunun ardınca qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin etdiklərinizdən qafil deyildir.
75. Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan elə bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.
76. Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər?! Məgər başa düşmürsünüz?!”– deyirlər.
77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?
78. Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar.
79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, bunun sayəsində bir az pul əldə etsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə də vay onların halına!
80. Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? Bilin ki, Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?!”
81. Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!
82. İman gətirib saleh əməllər edənlərə gəlincə, onlar Cənnət sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!
83. Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
84. O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.
85. Bu əhddən sonra siz yenə də bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə küfr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir.
86. Onlar axirət qarşılığında dünya həyatını satın alan kimsələrdir. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir.
87. Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə, siz təkəbbür göstərmədinizmi?! Siz onların bir qismini yalançı hesab etdiniz, bir qismini isə öldürdünüz.
88. Onlar dedilər: “Qəlblərimiz örtüldür!” Xeyr, Allah onları küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.
89. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allahın lənəti olsun kafirlərə!
90. Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Beləcə, onlar qəzəb üstündən qəzəbə uğradılar. Kafirlər üçün alçaldıcı bir əzab vardır.
91. Onlara: “Allahın nazil etdiyinə iman gətirin!”– deyildikdə, onlar: “Biz sadəcə özümüzə nazil edilənə inanırıq!”– deyib ondan başqasını inkar edirlər. Halbuki bu Quran onların özlərində olanı təsdiqləyən haqqdır. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
92. Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Sonra siz onun ardından nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.
93. Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!” Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi olduq!”– dedilər. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”
94. De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, məxsusi sizin üçün hazırlanıbsa və iddianızda doğrusunuzsa, onda özünüzə ölüm diləyin!”
95. Onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt ölüm diləməyəcəklər. Allah zalımları tanıyır.
96. Sən onların yaşamağa bütün insanlardan, hətta müşriklərdən də daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamağını istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür.
97. De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir.”
98. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da kafirlərə düşməndir.
99. Biz sənə açıq-aydın ayələr nazil etdik, onları yalnız fasiqlər inkar edərlər.
100. Onlar hər dəfə əhd bağladıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, onların çoxu buna iman gətirmir.
101. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə, Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdi.
102. Onlar Suleymanın səltənəti barədə şeytanların oxuduqlarına uydular. Halbuki Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. O iki mələk: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş, onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş bunu biləydilər!
103. Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!
104. Ey iman gətirənlər! Peyğəmbərə: “Raina!”– deməyin; “Unzurna!”– deyin və Allahın əmrini eşidin! Kafirlər üçün ağrılı-acılı bir əzab vardır.
105. Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə Öz mərhəmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf sahibidir.
106. Biz hər hansı bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?!
107. Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur?! Sizin Allahdan başqa nə bir dostunuz, nə də bir yardımçınız vardır.
108. Yoxsa bundan əvvəl Musadan tələb edildiyi kimi siz də Peyğəmbərinizdən tələb etmək istəyirsiniz?! İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan sapmışdır.
109. Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra kafirliyə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər onları əfv edin və onlardan vaz keçin! Həqiqətən, Allah hər şeyə qadirdir.
110. Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun əvəzini Allah yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.
111. Onlar dedilər: “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
112. Xeyr! Kim muhsin olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
113. Yəhudilər dedilər: “Xaçpərəstlər doğru yolda deyillər!” Xaçpərəstlər də dedilər: “Yəhudilər doğru yolda deyillər!” Halbuki onlar Kitab oxuyurlar. Kitabı bilməyənlər də onlar kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
114. Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?! Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
115. Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allahın lütfü genişdir, O hər şeyi biləndir.
116. Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.
117. Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdikdə ona ancaq: “Ol!”– deyər, o da olar.
118. Kitabı bilməyənlər dedilər: “Nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onlardan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz yəqinliklə inanan bir qövmə dəlillərimizi bəyan etdik.
119. Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.
120. Sən yəhudilərin və xaçpərəstlərin dinlərinə tabe olmayınca, onlar səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyacaq nə bir dost, nə də bir yardımçı olar.
121. Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirirlər. Onu inkar edənlər – məhz onlar ziyana uğrayanlardır.
122. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şəfaət fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
124. Rəbbi İbrahimi bəzi kəlmələrlə sınağa çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. Allah buyurdu: “Mən səni insanlara imam edəcəyəm!” İbrahim dedi: “Nəslimdən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”
125. Bir zaman Biz müqəddəs Evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik. “İbrahimin durduğu yeri namazgah edin!” Biz İbrahimə və İsmailə buyurduq: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”
126. Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olanlara bir qədər zövq almağa izin verər, sonra isə onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”
127. İbrahim və İsmail müqəddəs Evin bünövrəsini qaldırarkən belə dua etmişdilər: “Ey Rəbbimiz! Bu əməli bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
128. Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!
129. Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
130. Səfehlik edən kəsdən başqa kim İbrahimin dinindən üz çevirər?! Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də, əməlisalehlərdəndir.
131. Çünki Rəbbi ona: “Müsəlman ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi.
132. İbrahim də, Yaqub da, bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
133. Yoxsa siz Yaquba ölüm gəldiyi zaman onun yanında idiniz? O zaman o, öz oğullarına demişdi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”
134. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.
135. Yəhudilər və xaçpərəstlər müsəlmanlara dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dininə tabeyik. O, müşriklərdən deyildi.”
136. Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”
137. Əgər onlar da, siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə yetər. O, Eşidəndir, Biləndir!
138. De: “Allahın boyasına (dininə) sarılın! Allahdan daha gözəl boyası olan kimdir? Biz yalnız Ona ibadət edənlərik!”
139. De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona səmimi-qəlbdən bağlı olanlarıq!”
140. Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin yəhudi yaxud xaçpərəst olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?! Allah sizin etdiklərinizdən qafil deyildir.
141. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.
142. Səfeh adamlar deyəcəklər: “Müsəlmanları üz tutduqları qiblədən döndərən nədir?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”
143. Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Allah rəsulunun ardınca gedənləri üz döndərənlərdən fərqləndirə bilək. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqa hamıya ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir.
144. Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun özlərinin Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən qafil deyildir.
145. Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də, onların qibləsinə üz tutan deyilsən. Onların özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, onda sən də, heç şübhəsiz ki, zalımlardan olarsan.
146. Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna rəğmən onlardan bir dəstə bilə-bilə haqqı gizlədir.
147. Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!
148. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuzsa olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
149. Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən qafil deyildir.
150. Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də, sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.
151. Həmçinin, öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə, bilmədiklərinizi sizə öyrədən bir rəsul göndərdik.
152. Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin!
153. Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!
154. Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
155. Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ.
156. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!”– deyirlər.
157. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.
158. Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim müqəddəs Evi həcc və ya ümrə məqsədi ilə ziyarət edərsə, bu iki dağ arasında səy etməsində ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
159. Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!
160. Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!
161. Küfr edib kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162. Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.
163. Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.
164. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun növbənöv heyvanları yer üzünə yaymasında, küləklərin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.
165. İnsanlardan elələri də var ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da, Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini biləydilər.
166. Tabe olunmuş başçılar tabe olanlardan uzaqlaşacaqları zaman, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.
167. Tabe olanlar deyəcəklər: “Kaş, bizim üçün dünyaya dönüş olaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə, Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.
168. Ey insanlar! Yer üzündə olan halal və təmiz olanlardan yeyin, şeytanın addım izləri ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
169. O sizə yalnız pis və iyrənc işlər görməyi, üstəlik, Allaha qarşı bilmədiyiniz şeyləri söyləmənizi əmr edir.
170. Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey anlamamış və doğru yolda olmamışlarsa, onda necə?!
171. Kafirlərin misalı çığırtı və bağırtıdan başqa bir şey anlamayan heyvanları haylayan çobanın misalına bənzəyir. Onlar kar, lal və kordurlar. Odur ki, haqqı anlamazlar.
172. Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin!
173. O sizə ancaq ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kim təcavüz etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah sayılmaz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.
174. Şübhəsiz ki, Allahın nazil etdiyi kitabdan bir şey gizlədib onun müqabilində cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
175. Onlar doğru yol qarşılığında azğınlığı, bağışlanma qarşılığında da əzabı satın alan kəslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!
176. Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər.
177. Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə xərcləyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüş zamanı səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da, məhz onlardır.
178. Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Odur ki, azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil öldürdüyü qardaşının varisləri tərəfindən qanbahası müqabilində bir şeylə əfv edilsə, onda varislər onunla insafla davranmalı, qatil də, qanbahasını gözəl tərzdə ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.
179. Qisasda sizin üçün həyat vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız.
180. Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi maldan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur.
181. Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!
182. Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah çox bağışlayandır, rəhmlidir!
183. Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə Allahdan qorxasınız.
184. Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir.
185. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsun. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik istəmir, əksinə, asanlıq istəyir. Allah istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
186. Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yönəlsinlər.
187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyini istəyin. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.
188. Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə, hakimləri ələ almağa çalışmayın.
189. Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir.” Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan kəsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.
190. Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.
191. Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
192. Əgər onlar bu savaşa son qoysalar, əlbəttə ki, Allah çox bağışlayandır, rəhmlidir!
193. Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər bu savaşa son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur.
194. Haram ay haram ay qarşılığındadır. Toxunulmazlığı pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.
195. Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.
196. Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurban kəsin. Qurbanlıq heyvan öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən kim xəstə olarsa və ya başında ona əziyyət verən bir şey varsa, fidyə olaraq, ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əminlik içində olduğunuz təqdirdə isə həcc vaxtına qədər ümrədən faydalanan kəs müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq heyvan tapmayanlar isə həcc əsnasında üç gün, vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.
197. Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!
198. Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə, Məşərulharamda Allahı zikr edin! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz azmışlardan idiniz.
199. Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, rəhmlidir.
200. Həcc ibadətlərinizi bitirdikdə, vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.
201. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Cəhənnəm odunun əzabından qoru!”– deyənlər də vardır.
202. Onlar üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.
203. Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim iki gün ərzində ayinləri yerinə yetirib Minadan tez çıxarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız.
204. İnsanlardan eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Halbuki, o, ən qatı mübahisəçidir.
205. O, dönüb getdikdə, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.
206. Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
207. İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı çox şəfqətlidir.
208. Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.
209. Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir.
210. Yoxsa onlar Allahın bulud kölgələri içində, üstəlik, mələklərin də gəlməsini və işin bitmiş olmasını gözləyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.
211. İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın dəlillər göndərdik. Kim özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirərsə, bilsin ki, Allah şiddətli cəza verəndir.
212. Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.
213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.
214. Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta, Peyğəmbər və onunla birlikdə olan möminlər: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Allahın köməyi yaxındır.
215. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Xərcləyəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.”
216. Döyüş xoşunuza gəlmədiyi halda, o, sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.
217. Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Ona küfr etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır.” Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
218. Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah çox bağışlayandır, rəhmlidir.
219. Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür.” Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –
220. dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır.” Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.
221. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.
222. Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla cinsi əlaqəyə girməkdən çəkinin və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.
224. Andlarınızdan dolayı Allahın adını, yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!
225. Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə – qəsdən içdiyiniz andlara görə cəzalandıracaqdır. Allah çox bağışlayandır, həlimdir.
226. Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər bu müddət içində qadınlarına dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, rəhmlidir.
227. Əgər onlar boşanmağa qərar versələr, şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!
228. Boşanmış qadınlar üç heyz görüncəyə və ya üç kərə təmizlənincəyə qədər gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir.
229. Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın qoyduğu hüdudları yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın qoyduğu hüdudları yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın qoyduğu hüdudlardır, onları aşmayın! Allahın qoyduğu hüdudları aşanlar – məhz onlar zalımlardır.
230. Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə əvvəlki ərinə halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın qoyduğu hüdudları yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, qadının birinci əri ilə yenidən nikaha girməsində, ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın qoyduğu hüdudlardır, onları anlayan adamlara bəyan edir.
231. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vermək üçün haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.
232. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman keçmiş ərləri ilə öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.
233. Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata öz övladına görə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.
234. Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitdikdə özləri barədə şəriətə müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah nə etdiklərinizdən xəbərdardır.
235. Qadınlara elçi göndərmək istəyinizi üstüörtülü bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə sözləşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatanadək nikah bağlamayın. Bilin ki, Allah sizin könlünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışlayandır, rəhmlidir!
236. Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz imkanına görə, şəriətə müvafiq qayda üzrə pay versin. Bu, yaxşılıq edənlər üçün bir borcdur.
237. Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamanız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.
238. Namazları, xüsisilə orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun.
239. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!
240. Sizlərdən ölüb özündən sonra zövcələr qoyub gedən kəslər sağlığında ikən, zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar öz istəkləri ilə çıxıb getsələr, özləri barədə şəriətə müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.
241. Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur.
242. Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə anlayasınız.
243. Sayları minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir.
244. Allah yolunda vuruşun və bilin ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!
245. Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), Allah onun üçün bunu qat-qat artırar. Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.
246. Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar özlərinə göndərilmiş peyğəmbərə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda döyüşək!” O dedi: “Sizə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədiniz?” Onlar dedilər: “Niyə Allah yolunda döyüşməyək ki, biz yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq?!” Döyüşmək onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdi. Allah zalımları yaxşı tanıyır.
247. Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi!” Onlar dedilər: “O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona çoxlu sərvət verilməmişdir?” O dedi: “Allah onu sizə hökmdar seçdi, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyi kəsə verir. Allahın lütfü genişdir, O hər şeyi biləndir.”
248. Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində, Rəbbinizdən bir təskinlik, Musa və Harun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır.”
249. Talut əsgərlərlə birlikdə döyüşə yola düşdükdə onlara dedi: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim ondan içsə, o məndən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim ondan içməsə, o məndəndir.” Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdi. Talut və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun əsgərlərinə qarşı vuruşmağa gücümüz yoxdur.” Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstə olub ki, Allahın izni ilə çox saylı dəstəyə qalib gəlib!” Allah səbir edənlərlədir.
250. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda, dedilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”
251. Möminlər Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.
252. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.
253. Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisini isə dərəcələrlə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın möcüzələr verdik və onu müqəddəs Ruh Cəbrail ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər.
254. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə, sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər, əlbəttə ki, zalımdırlar.
255. Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, qullarının gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir.
256. Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
257. Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxarar. Kafirlərin dostları isə tağutdur, onları nurdan zülmətlərə çıxarar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
258. Allahın verdiyi hakimiyyətə görə, İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə, Nəmrud: “Mən də, həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.
259. Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni görmədinmi? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.
260. Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– demişdi. Rəbbi ona: “Məgər sən inanmırsan?”– deyə buyurdu. İbrahim dedi: “Əlbəttə, inanıram! Lakin istəyirəm ki, qəlbim rahat olsun.” Allah buyurdu: “Quşlardan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”
261. Mallarını Allah yolunda xərcləyənlərin misalı yeddi sünbül verən bir toxumun misalına bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
262. Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
263. Xoş söz demək və xətaları bağışlamaq, ardından əziyyət gələn sədəqədən daha yaxşıdır. Allah zəngindir, həlimdir.
264. Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Beləsinin misalı üzərində torpaq olan hamar qayanın misalına bənzəyir ki, şiddətli bir yağış onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğru yola yönəltməz.
265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin misalı təpə üzərindəki bağın misalına bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Yox, əgər ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür.
266. Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra ona qocalıq üz verdiyi zaman, özünün də, o bağa möhtac olan uşaqları olduğu halda, bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.
267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir.
268. Şeytan sizi yoxsulluqla qorxudur və sizə yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf vəd edir. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
269. Allah hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri düşünüb ibrət alarlar.
270. Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.
271. Sədəqələri aşkarda versəniz, bu çox gözəl olar. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha xeyirli olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.
272. Onların hidayətə gəlməsi sənə aid deyildir. Lakin Allah istədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özünüz üçündür. Siz möminlər onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.
273. Verəcəyiniz sədəqələr Allah yolunda cihad edib yer üzündə qazanc dalınca səfərə şıxa bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən isə onları simalarından tanıyırsan. Onlar üzə salıb insanlardan bir şey istəməzlər. Malınızdan Allah yolunda nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir.
274. Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
275. Sələm yeyənlər qəbirlərindən, şeytan vurmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qalar. Kim yenə sələmçiliyə qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada sürəkli qalarlar.
276. Allah sələmi puç edər, sədəqələri isə artırar. Allah küfr və günah işlərdə israr edən kimsələri sevməz.
277. Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
278. Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin.
279. Belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.
280. Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilsəniz borcu sədəqə olaraq ona bağışlamağınız sizin üçün nə qədər xeyirlidir!
281. Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm edilməyəcəkdir.
282. Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın. Qoy o yazsın, borc alan adam da götürdüyü borcun miqdarını yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç bir şey əskiltməsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir deyilsə, qoy onun himayədarı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi tapılmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda, boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onun qaytarılma vaxtını yazmaqdan usanmayın. Belə etməyiniz, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alış-veriş etdikdə şahid tutun. Lakin katibə və şahidə zərər verilməsin. Əgər zərər versəniz, şübhəsiz ki, bu, sizin üçün bir fasiqlikdir. Allahdan qorxun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.
283. Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyəsi yanında saxlanılmış girov yetərlidir. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs ona verilmiş əmanəti qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin! Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.
284. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz içinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də, əzab verər. Allah hər şeyə qadirdir.
285. Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Həmçinin, dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş də, yalnız Sənədir!”
286. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!”