ﮡ
ترجمة معاني سورة الأنبياء
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.
2. Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –
3. qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”
4. Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”
5. Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”.
6. Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?
7. Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.
8. Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyildilər.
9. Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.
10. Sizə, sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?
11. Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqlar yaratdıq.
12. Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar.
13. “Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Ola bilsin ki, soruşulasınız”.
14. Onlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– deyirdilər.
15. Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar.
16. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.
17. Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik.
18. Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!
19. Göylərdə və yerdə kimlər varsa, hamısı Allahındır. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar.
20. Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər.
21. Yoxsa müşriklər özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?
22. Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!
23. Allah gördüyü işlər barədə soruşulmaz; onlar isə soruşulacaqlar.
24. Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirirlər.
25. Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.
26. Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır.
27. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər.
28. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.
29. Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.
30. Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?
31. Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq.
32. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.
33. Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Onların hər biri öz orbitində üzür.
34. Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!
35. Hər kəs ölümü dadacaq. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!
36. Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər.
37. İnsan tələskən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin.
38. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.
39. Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!
40. Yox, Qiyamət onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir.
41. Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri həmin o istehza etdikləri şey məhv etdi.
42. De: “Gecə də, gündüz də sizi Mərhəmətli Allahdan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər.
43. Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı var? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər.
44. Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!
45. De: “Mən sizi ancaq vəhy ilə qabaqcadan xəbərdar edirəm”. Karlar xəbərdar edilsələr də, çağırışı eşitməzlər.
46. Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım olmuşuq”– deyərlər.
47. Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.
48. Biz Furqanı müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət kimi Musaya və Haruna vermişdik.
49. O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər.
50. Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?
51. Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.
52. Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi.
53. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– dedilər.
54. İbrahim dedi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”.
55. Onlar dedilər: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”
56. İbrahim dedi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
57. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”
58. Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.
59. Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”
60. Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər.
61. Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər.
62. Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?”
63. İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”.
64. Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımsınız”– dedilər.
65. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”.
66. İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?
67. Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğrudanmı, siz dərk etmirsiniz?”
68. Onlar dedilər: “Əgər İbrahimdən əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”.
69. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik.
70. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.
71. Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.
72. Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik.
73. Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
74. Lutu da yada sal! Biz ona hökmranlıq və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.
75. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
76. Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq!
77. Biz onu ayələrimizi yalan hesab edən bir qövmdən müdafiə etdik. Doğrudan da onlar pis bir qövm idi. Odur ki, Biz onların hamısını suda batırdıq.
78. Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik.
79. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik.
80. Biz Davuda sizi döyüşdə təhlükələrdən mühafizə etmək üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?
81. Güclü əsən küləyi Süleymana ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə tərəf əsərdi. Biz hər şeyi bilirik.
82. Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.
83. Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”
84. Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.
85. İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edənlərdən idilər.
86. Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.
87. Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli halda qövmündən ayrılıb getmiş və onu sıxıntıya salmayacağımızı güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”
88. Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!
89. Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən xeyirxahısan!”
90. Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər.
91. İsmətini qoruyan Məryəmi də yada sal! Biz ona Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik.
92. Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!
93. Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.
94. Kim mömin olduğu halda yaxşı işlər görsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.
95. Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya qayıtmayacaqlar.
96. Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;
97. haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!”
98. Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz.
99. Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaq.
100. Onlar orada inildəyəcək və heç nə eşitməyəcəklər.
101. Əzəldən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.
102. Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.
103. Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər.
104. O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.
105. Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.
106. Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır.
107. Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.
108. De: “Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olacaqsınızmı?”
109. Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm.
110. Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.
111. Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu dünyada faydalanmağınız üçündür”.
112. Peyğəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır”.