Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
Allahın Öz Elçisinə onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz elçilərini istədiyi kəslər üzərində hakim edir. Allah hər şeyə qadirdir.
Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”
Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
Əgər onlar yurdlarından qovulsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.
Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.
Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir.
Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.
O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.