ﯶ
ترجمة معاني سورة المزّمّل
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﭑﭒ
ﰀ
1. Ey libasına bürünüb örtünmüş peyğəmbər!
2. Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!
3. Gecənin yarısını, yaxud ondan bir az əskilt,
4. və ya ona artır. Quranı da aramla oxu!
5. Həqiqətən Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik.
6. Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir.
7. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.
8. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
9. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!
10. Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.
11. Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.
12. Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır,
13. boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.
14. O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcək.
15. Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.
16. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
17. Əgər küfr etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək gündən necə qorunacaqsınız?
18. O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcək.
19. Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.
20. Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qismi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi bildiyi üçün, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!