Azerbaijani - Azerbaijani translation kitabından الأذرية dilində النّمل surəsinin tərcüməsi
Verse 1
Ta, Sin! Bu, Qur’anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
Verse 2
ﭙﭚﭛ
ﭜ
Mö’minlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
Verse 3
O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz aılır, zəkat verir və axirətə möhkəm inanırlar.
Verse 4
Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
Verse 5
Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
Verse 6
(Ya Rəsulum!) Həqiqətən, Qur’an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə’lim) olunur.
Verse 7
Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız”.
Verse 8
Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır!)
Verse 9
ﮥﮦﮧﮨﮩﮪ
ﮫ
Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!
Verse 10
Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) “Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.
Verse 11
Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm edənəm!
Verse 12
Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir’ona və onun tayfasına göndərilən doqquz mö’cüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir camaatdır!”
Verse 13
Mö’cüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər.
Verse 14
(Mö’cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!
Verse 15
Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: “Bizi öz mö’min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”
Verse 16
Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”
Verse 17
(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
Verse 18
Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”
Verse 19
(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun ne’mətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”
Verse 20
Sonra (Süleyman) quşları yoxlayıb dedi: “(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?
Verse 21
And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!”
Verse 22
Bir azdan (Hüdhüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
Verse 23
Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verrilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.
Verse 24
Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.
Verse 25
Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).
Verse 26
O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!”
Verse 27
(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!
Verse 28
Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!”
Verse 29
(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey ə’yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).
Verse 30
O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır).
Verse 31
ﮯﮰﮱﯓﯔ
ﯕ
(Məzmunu belədir: ) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt’i (müsəlman) olaraq gəlin! (Mənim də’vətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”.
Verse 32
(Bəlqis) dedi: “Ey ə’yanlar! Bu iş barəsində mənə rə’yinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”
Verse 33
Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”
Verse 34
(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir).
Verse 35
Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).
Verse 36
(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
Verse 37
Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müt’i olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”
Verse 38
(Süleyman) dedi: “Ey ə’yanlar! Onlar müt’i vəziyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
Verse 39
Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e’tibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, lə’l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”
Verse 40
(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)
Verse 41
(Süleyman) dedi: “(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”
Verse 42
(Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) “Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müt’i (müsəlman) olmuşuq!”
Verse 43
(Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi.
Verse 44
(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: “Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!”
Verse 45
Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (mö’minlərə və kafirlərə) ayrıldılar.
Verse 46
(Saleh) dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? (Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”
Verse 47
Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçüb pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq). (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.
Verse 48
(Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.
Verse 49
Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!”
Verse 50
Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik.
Verse 51
(Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.
Verse 52
Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!
Verse 53
ﯗﯘﯙﯚﯛ
ﯜ
İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!
Verse 54
Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!)
Verse 55
Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”
Verse 56
(Lut) tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!” – deməkləri olmuşdu.
Verse 57
Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).
Verse 58
Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vaxitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!
Verse 59
(Ya Rəsulum!) De: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?!
Verse 60
(Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)
Verse 61
(Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!
Verse 62
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?
Verse 63
Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
Verse 64
Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Verse 65
(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
Verse 66
Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!” (Müşriklər axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda verməyəcəkdir!)
Verse 67
Kafirlər dedilər: “Məgər bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib qəbirlərimizdən) çıxardılacağıq?
Verse 68
Həqiqətən, bu (dirilmə) bizə və’d olunduğu kimi, öncə atalarımıza da (və’d olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!”
Verse 69
(Ya Rəsulum!) De: “Yer üzünü gəzib-dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”
Verse 70
(Ya Peyğəmbərim!) Onlardan (kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə və (sənə qarşı) qurduqlarına (hiylələrə) görə də ürəyini qısma!
Verse 71
Onlar: Əgər doğru danışırsınızsa, (deyin görək) bu və’d (bizi qorxutduğunuz əzab və’dəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar.
Verse 72
De: “Tez-tələsik istədiyiniz (əzabın) bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!” (Müşriklər onlara və’d olunan əzabın bir hissəsini Ühüd vuruşunda daddılar, qalanını isə Cəhənnəmdə dadacaqlar!)
Verse 73
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.
Verse 74
Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin sirlərini və açıq-aşkar əməllərini) bilir.
Verse 75
Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!
Verse 76
Həqiqətən, bu Qur’an İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.
Verse 77
ﭑﭒﭓﭔ
ﭕ
Və şübhəsiz ki, o mö’minlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir.
Verse 78
Həqiqətən, sənin Rəbbin onların (dini məsələlərdə ixtilafda olanların) arasında Öz hökmünü (ədalətlə) verəcəkdir. O, (hər şeyə) qalib olandır, (hər şeyi) biləndir!
Verse 79
(Ya Rəsulum!) Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan).
Verse 80
Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!
Verse 81
Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər).
Verse 82
Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (mö’minlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər.
Verse 83
O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar (bir yerə cəm edilib məhşərə) sürüklənərlər.
Verse 84
Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda (Allah) buyurar: “Ayələrimizi anlamadığınız (bilmədiyiniz) halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz (dünyada) nə edirdiniz? (O nə iş idi ki, görürdünüz?)”
Verse 85
Etdikləri zülm (küfr) üzündən onlara deyilən söz yerinə yetər (və’d olunduqları əzab, müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər!
Verse 86
Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır.
Verse 87
Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müt’i (zəlil) vəziyyətdə gələr.
Verse 88
(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!
Verse 89
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar.
Verse 90
(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Mələklər onlara belə deyərlər: ) “Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)”
Verse 91
(Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir!
Verse 92
Və mənə Qur’an oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)
Verse 93
Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən (Məkkə müşrikləri və kafirlərin gördüyü işlərdən) əsla xəbərsiz deyildir!”
تقدم القراءة