ترجمة سورة العنكبوت

Alikhan Musayev - Azerbaijani translation
ترجمة معاني سورة العنكبوت باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation .


Əlif. Ləm. Mim.

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?

Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.

Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.

Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.

Cihad edən məhz öz xeyri naminə cihad edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.

İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qovuşduracağıq.

İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?

Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.

Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.

Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.

Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.

İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir?

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”.

Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.

Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də, bu, Allah üçün asandır.

De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.

O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız.

Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.

İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”.

Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”.

Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!

Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.

Həqiqətən, siz kişilərin yanına şəhvətlə gedir, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.

Lut dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!”

Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman dedilər: “Biz bu şəhərin sakinlərini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”.

İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.

Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.

Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”.

Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq.

Mədyən əhalisinə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.

Onlar isə onu yalançı saydılar. Buna görə də onları qorxunc səsli bir zəlzələ yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.

Qarunu, Fironu və Hamanı da məhv etdik. Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və axırda əzabımızdan qaça bilmədilər.

Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə qasırğa ilə birgə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər.

Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!

Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir.

Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar.

Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.

İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”.

Beləcə, bu Kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Onların arasında ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.

Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.

Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edirlər.

Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.

Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır.

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”.

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.

O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. Allah deyəcəkdir: “Etdiyiniz əməllərin cəzasını dadın!”

Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin.

Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız.

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!

O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər.

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.

Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!

Allah Öz qullarından istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir.

Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu başa düşmür.

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.

Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və hələlik əylənsinlər. Amma tezliklə biləcəklər.

Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?

Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?

Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.
Icon