ترجمة سورة المطفّفين

Alikhan Musayev - Azerbaijani translation
ترجمة معاني سورة المطفّفين باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation .


Çəkidə və ölçüdə aldadanların vay halına!

O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,

onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.

Onlar dirildiləcəklərini fikirləşmirlərmi?

Həm də əzəmətli bir gündə.

O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.

Sən haradan biləsən ki, Siccin nədir?!

O, yazılı bir kitabdır!

O gün haqqı yalan hesab edənlərin vay halına!

O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.

Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.

Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir.

Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.

Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

Sonra onlar Cəhənnəmə girəcəklər

və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”

Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!

Sən haradan biləsən ki, İlliyyun nədir?!

O, elə bir yazılı kitabdır ki,

onu yalnız Allaha yaxın olanlar görürlər!

Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.

Onlar taxtlar üstündə seyrə dalacaqlar.

Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.

Onlara möhürlü şərabdan içirdiləcəkdir.

Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!

Onun qatışığı isə təsnim bulağındandır.

O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,

onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

öz ailələrinin yanına fərəhlə qayıdırdılar,

möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”

Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.

Onlar taxtlar üstündə ətrafa baxacaqlar.

Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!
Icon