سورة يونس

Alikhan Musayev - Azerbaijani translation

Alikhan Musayev - Azerbaijani translation kitabından الأذرية dilində يونس surəsinin tərcüməsi

Alikhan Musayev - Azerbaijani translation


Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada bir-birlərini salamlaması: “Salam!” sözü və dualarının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləri olacaq.

Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”.

Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.

De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?” De: “Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!”

Yoxsa: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”

Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər.

Onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir.

Müşriklərə de: “Söyləyin görüm, əgər Onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər?

Səndən: “O əzab doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz”.

O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.

De: “Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.

Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.

Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!

Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.

Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.

Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər.

Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.

Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
تقدم القراءة