سورة التوبة

Alikhan Musayev - Azerbaijani translation

Alikhan Musayev - Azerbaijani translation kitabından الأذرية dilində التوبة surəsinin tərcüməsi

Alikhan Musayev - Azerbaijani translation


Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır.

Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.

Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.

O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”– deyiləcəkdir.

Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.

Haram ayı təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.

Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.

Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.

Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!”– deyildi.

Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.

Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.

De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”.

Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər.

Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “O hər sözü eşidən bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır.

Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.

Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.

Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır.

Məgər onlara özlərindən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud tayfalarının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.

Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”– deyə Allaha əhd edənləri də vardır.

Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar döyüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mənimlə döyüşə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də evdə oturun!”

“Allaha iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!”– deyə bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax evdə oturanlarla birlikdə qalaq!”

Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər evdə qalmaq üçün onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə evdə oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.

Yalnız varlı olduqları halda evdə qalmaq üçün səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar özlərinin aqibətini bilməzlər.

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.

Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir.

Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.

Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.

Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.

Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.
تقدم القراءة