ﯞ
ترجمة معاني سورة الحجرات
باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation
.
ﰡ
Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir.
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.
Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.
Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar.
Sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı. Allah Bağışlayandır, Rəhmlidir.
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.
Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.
Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah Biləndir, Müdrikdir.
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır.
De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.
Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir!”
Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir. Allah sizin nə etdiklərinizi görür.