سورة البقرة

Alikhan Musayev - Azerbaijani translation

Alikhan Musayev - Azerbaijani translation kitabından الأذرية dilində البقرة surəsinin tərcüməsi

Alikhan Musayev - Azerbaijani translation


O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;

Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!”– deyirlər.

Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.

Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.

Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.

Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”

Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!

Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.

Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.

O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.

O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.

O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.

Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!”

Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.

Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.

Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.

Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?

Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.

O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– deyə əmr etdik. Onlar: “Eşitdik və asi olduq!”– dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”

De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”.

Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!

Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir.

Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.

Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi. İbrahim: “Nəslimdən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”– dedi.

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”

Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.

Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.

Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.

Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin!

Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!

Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.

Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.

Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.

Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.

Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız.

Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.

Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!

Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.

Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –

dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.

Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir.

Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.

Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.

Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona əvvəlki ərinə qayıtmaq halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir.

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.

Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!

Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.

Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.

Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur.

Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır.

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir.

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.

Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”– dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür.

Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.

Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
تقدم القراءة