ترجمة سورة الملك

Alikhan Musayev - Azerbaijani translation
ترجمة معاني سورة الملك باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation .


Mülk Əlində Olan Allah nə qədər xeyirxahdır. O hər şeyə qadirdir.

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?

Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.

Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.

Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.

Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.

Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”

Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!

Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.

Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir.

Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?

Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır.

Göydə Olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.

Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.

Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin Mənim onları həlak etməyim necə oldu!

Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.

Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar!

Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.

Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”

De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!”

Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”

De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”

Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz əzab bax budur!”– deyiləcəkdir.

De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”

De: “O, Mərhəmətli Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz.

De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?”
Icon