ترجمة معاني سورة النّور باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation

Alikhan Musayev - Azerbaijani translation


Bu, Bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.

Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”– deməlidir.

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər.

Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?

Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi.

Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –

o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.

Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.

Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən özünün azad olmasına dair sizdən yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir görürsünüzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onları bağışlayar və rəhm edər.

Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.

Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.

De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır.

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar yanınıza girmək istədikdə qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına icazəsiz girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.

Kora, çolağa, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.

Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
تقدم القراءة