ترجمة سورة الزخرف

Azerbaijani - Azerbaijani translation
ترجمة معاني سورة الزخرف باللغة الأذرية من كتاب Azerbaijani - Azerbaijani translation .


Ha, Mim!

(Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,

Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik.

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).

Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!)

Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.

Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!

Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir).

Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər.

O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!

Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne’mətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.

Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”

Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür!

Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!

Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.

Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?

Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!

Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.

Yoxsa onlara bundan (bu Qur’andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!

Xeyr (belə bir şey yoxdur). Onlar: “Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!” – deyirlər.

(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri (valıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər.

(Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri (şəriəti, mö’cüzələri) inkar edirik!” – deyə cavab verdilər.

Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!

Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;

Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!”

(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar!

Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Qur’an) və (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim!

Onlara haqq (olan Qur’an) gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” – dedilər.

Onlar dedilər: “Məgər bu Qur’an iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məs’uda) nazil edilməli deyildimi?”

(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!

Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.

Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik).

Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur!

Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.

(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!

Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!”

Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!

(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!

Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq, (bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!

Yaxud (sən həyatda ikən) onlara və’d etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik!

Buna görə də sən özünə vəhy olunandan (Qur’andan) yapış. Həqiqətən, sən düz yoldasan!

Şübhəsiz ki, o (Qur’an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!

Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis mö’minlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”

Biz Musanı Öz mö’cüzələrimizlə Fir’on və onun ə’yan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”

(Musa) mö’cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö’cüzələrə lağ edib gülmüşdülər.

Onlara bir-birindən böyük olan mö’cüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!

Onlar dedilər: “Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!”

Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.

Fir’on öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!

Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!

(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!”

Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!

(Fir’on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik.

Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.

(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər).

Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!

O (Məryəm oğlu İsa) ancaq ne’mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.

Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər).

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!

İsa açıq-aşkar mö’cüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bə’zi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!

Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”

Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: “İsa Allahın oğludur!” – dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!

Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!

(Müttəqilərə belə deyiləcəkdir: ) “Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz!

O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar.

Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!”

(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!

Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir!

Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!

Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar.

Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!

Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).

Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!

(Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır: ) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”.

Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük!

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!

(Ya Peyğəmbər!) De: “Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!

Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”

(Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!

Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!

Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!

(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).

And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?

Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda mə’lumdur)!

(Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın deyə, rastlaşdıqda) “Salam!” de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq biləcəklər!
Icon