ترجمة معاني سورة الحديد
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir.
2. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.
3. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.
4. Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
5. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaq.
6. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir.
7. Allaha və Onun Rəsuluna iman gətirin! Sizin ixtiyarınıza verdiyi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mallarından xərcləyənləri böyük bir mükafat gözləyir.
8. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır.
9. Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəfqətlidir, rəhmlidir.
10. Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən mallarını Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
11. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da var.
12. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!”– deyiləcək. Bu, böyük uğurdur.
13. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyəcəklər. Onlara deyiləcək: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çəkiləcək.
14. Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.
15. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”
16. Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?
17. Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.
18. Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün əvəzi qat-qat artırılacaq. Onlar üçün çox dəyərli bir mükafat da var.
19. Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları var. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir.
20. Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyil.
21. Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
22. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
23. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.
24. O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki, Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.
25. Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.
26. Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.
27. Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.
28. Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.
29. Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.