ترجمة معاني سورة النساء باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation

Alikhan Musayev - Azerbaijani translation


Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.

Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay düşür. Bu mal istər az olsun, istərsə də çox, onlar üçün müəyyən edilmiş bir paydır.

Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər yetimlərdən ötrü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər.

Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.

Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.

Aranızda belə yaramaz iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib əməllərini islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.

Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?

Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. Bu kənizlər namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Kənizlərlə evlənmək sıxıntıya düşməkdən və ya zina etməkdən qorxanlarınız üçündür. Amma səbirli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.

Allah sizə şəriət hökmlərini bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir.

Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.

Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.

Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.

Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır.

O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!

Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!”– deyə Allaha and içdikdə onların halı necə olacaq?

Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.

Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.

Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.
آية رقم 68

və onları doğru yola yönəldərdik.

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.

Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın.

İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım”– deyər.

Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”.

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.

Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vuruşmanıza yol verməz.

Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.

Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.

Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.

Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

Möminlərdən – üzürlülər istisna olmaqla – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir.

Bu, Onun tərəfindən möminlərə nəsib olan dərəcələr, bağışlanma və mərhəmətdir. Allah Bağışlayandır, Rəhmlidir.

Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.

Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq niyyətində olacaqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
آية رقم 118

Allah şeytana lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.

Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
آية رقم 120

Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.
آية رقم 121

Onların sığınacaqları yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər.

Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində və həmçinin Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
آية رقم 138

Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır.

Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?”– deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir.

Tövbə edənlər, əməllərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir.

Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, Biləndir.

Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.

Biz onlarla bağladığımız əhdə görə dağı başları üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq.

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
آية رقم 156

Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə,

bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.

Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.

Yəhudilərin etdikləri zülmə görə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram etdik. Həm də bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə,

qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.

Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.

Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir.

Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir.
تقدم القراءة