الترجمة الأذرية kitabından الأذرية dilində سبأ surəsinin tərcüməsi
Verse 1
1. Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, Xəbərdardır.
Verse 2
2. O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır.
Verse 3
3. Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəlməyəcək!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda olmasın”.
Verse 4
4. Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır.
Verse 5
5. Ayələrimizi qüvvədən salmağa cəhd göstərənləri isə ən pis, ağrılı-acılı əzab gözləyir.
Verse 6
6. Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər.
Verse 7
7. Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?
Verse 8
8. Əcəba, o, Allahın əleyhinə yalanmı quraşdırır, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar.
Verse 9
9. Məgər onlar göydə və yerdə qarşılarına və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar və yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib Allaha qayıdan hər bir qul üçün ibrət vardır.
Verse 10
10. Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.
Verse 11
11. Sonra buyurduq: “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.
Verse 12
12. Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan hər kim, Süleymana itaət etməyib əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik.
Verse 13
13. Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır.
Verse 14
14. Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.
Verse 15
15. Səba qəbiləsinin yaşadığı yerdə nişanə – biri sağda, digəri də solda olan iki bağça var idi. Onlara: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışlayan Rəbb!”– deyilmişdi.
Verse 16
16. Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.
Verse 17
17. Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?
Verse 18
18. Səba qəbiləsi ilə bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– demişdik.
Verse 19
19. Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə dayanacağımız şəhərlər arasındakı məsafəni uzaq et!”– dedilər və özlərinə zülm etdilər. Biz onları ibrət alınası əfsanələrə çevirdik, özlərini də darmadağın etdik. Həqiqətən, səbirli olan və şükür edən hər kəs bundan ibrət alar.
Verse 20
20. İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular.
Verse 21
21. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.
Verse 22
22. De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.
Verse 23
23. Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.
Verse 24
24. De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”.
Verse 25
25. De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik”.
Verse 26
26. De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcək. O, ən ədalətli Hakimdir, Biləndir”.
Verse 27
27. De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr! O, Qüdrətli, Müdrik Allahdır!”
Verse 28
28. Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.
Verse 29
29. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.
Verse 30
30. De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yubada, nə də tezləşdirə bilərsiniz”.
Verse 31
31. Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər, özlərini yüksək tutanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”.
Verse 32
32. Özlərini yüksək tutanlar da zəiflərə belə deyəcəklər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”.
Verse 33
33. Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar.
Verse 34
34. Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.
Verse 35
35. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcək”– dedilər.
Verse 36
36. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.
Verse 37
37. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşayacaqlar.
Verse 38
38. Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba giriftar ediləcəklər.
Verse 39
39. De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”
Verse 40
40. O gün Allah onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi ibadət edirdilər?”
Verse 41
41. Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.
Verse 42
42. Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Biz zalımlara: “Dadın yalan saydığınız Cəhənnəm əzabını!”– deyəcəyik.
Verse 43
43. Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!”– deyərlər. Onlar: “Bu, uydurulmuş yalandan başqa bir şey deyil!”– deyərlər. Kafirlərə haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!”– deyərlər.
Verse 44
44. Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik.
Verse 45
45. Onlardan əvvəlkilər də elçilərimizi yalançı hesab etmişdilər. Müşriklər onlara verdiklərimizin onda birini belə əldə etməmişlər. Lakin onlar Mənim elçilərimi yalançı saydılar. Görəydin, Mənim onları həlak etməyim necə oldu!
Verse 46
46. De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin dostunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”.
Verse 47
47. De: “Mən sizdən bir haqq istəmişəmsə, onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaq. O, hər şeyə Şahiddir”.
Verse 48
48. De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”.
Verse 49
49. De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çıxarar, nə də onu qaytara bilər”.
Verse 50
50. De: “Əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”.
Verse 51
51. Kaş ki, sən o kafirləri qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yerdə ələ keçiriləcəklər.
Verse 52
52. Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Axı uzaq bir yerdə – Axirətdə imana necə nail ola bilərlər?!
Verse 53
53. Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər.
Verse 54
54. Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər.
تقدم القراءة