الترجمة الأذرية kitabından الأذرية dilində الأحقاف surəsinin tərcüməsi
Verse 1
ﮑ
ﮒ
1. Ha. Mim.
Verse 2
ﮓﮔﮕﮖﮗﮘ
ﮙ
2. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.
Verse 3
3. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.
Verse 4
4. De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.
Verse 5
5. Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər.
Verse 6
6. İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.
Verse 7
7. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– deyirlər.
Verse 8
8. Yaxud: “O bunu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.
Verse 9
9. De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”
Verse 10
10. De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalımları doğru yola yönəltməz!”
Verse 11
11. Kafirlər möminlərə dedilər: “Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Onlar bununla doğru yola gəlmədikləri üçün: “Bu, köhnə yalandır!”– deyəcəklər.
Verse 12
12. Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır.
Verse 13
13. Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Verse 14
14. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.
15. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”
Verse 16
16. Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu, onlara verilmiş doğru vəddir.
Verse 17
17. Kimisi də ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni qəbirdən çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.
Verse 18
18. Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır.
Verse 19
19. Hamının etdiyi əməllərə görə dərəcələri var ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz.
Verse 20
20. Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcək: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
Verse 21
21. Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə yaşayan tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” deyə xəbərdar etmişdi.
Verse 22
22. Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!”
Verse 23
23. Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”.
Verse 24
24. Nəhayət, o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!
Verse 25
25. O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcək!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.
Verse 26
26. Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları əzab bürüdü.
Verse 27
27. Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara müxtəlif cür izah etdik ki, bəlkə küfrdən əl çəkələr.
Verse 28
28. Bəs nəyə görə Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır.
Verse 29
29. Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: “Susun, qulaq asaq!”– dedilər. Quran oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.
Verse 30
30. Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!
Verse 31
31. Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”
Verse 32
32. Allahın dəvətçisini qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.
Verse 33
33. Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.
Verse 34
34. Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?”– deyiləcək. Onlar: “Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!”– deyəcəklər. Allah da: “Küfr etdiyinizə görə dadın əzabı!”– deyəcək.
Verse 35
35. Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Heç fasiq adamlardan başqası məhv edilərmi?
تقدم القراءة