ﰡ
2. Bunlar aydın Kitabın ayələridir.
3. Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
4. Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
5. Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
6. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcək.
7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?
8. Həqiqətən də, bunda bir əlamət var. Lakin onların əksəriyyəti mömin olmadı.
9. Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
10. Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11. Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
12. Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
13. belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.
14. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
15. Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.
16. Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17. İsrail oğullarını bizimlə göndər!”
18. Firon dedi: “Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
19. Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
20. Musa dedi: “Mən onu edəndə nadan olmuşam.
21. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.
22. Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.
23. Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24. Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25. Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
26. Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27. Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28. Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29. Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
30. Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
31. Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
32. Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
33. Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.
34. Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
35. O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
36. Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,
37. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
39. Camaata deyildi: “Siz də yığışırsınızmı?
40. Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
41. Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
42. Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.
43. Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
44. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
45. Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.
46. Sehrbazlar səcdəyə qapandılar
47. və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
48. Musanın və Harunun Rəbbinə!”
49. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
50. Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.
51. Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
52. Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– deyə vəhy etdik.
53. Firon şəhərlərə əsgər toplayanlar göndərdi.
54. O dedi: “Bunlar kiçik bir dəstədir.
55. Onlar bizi qəzəbləndirmişlər.
56. Biz hamımız ayıq-sayıq olmalıyıq”.
57. Biz o zalım tayfanı bağlardan və çeşmələrdən çıxartdıq;
58. xəzinələrdən və gözəl yerlərdən də qovduq.
59. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
60. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları təqib etməyə başladılar.
61. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər.
62. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcək!”
63. Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.
64. O birilərini də ora yaxınlaşdırdıq.
65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66. O birilərini isə suya qərq etdik.
67. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
68. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
69. Onlara İbrahimin əhvalatını da oxu.
70. Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.
71. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
72. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
73. Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
74. Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
75. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
76. həm siz, həm də ulu babalarınız?
77. Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
78. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
79. O Rəbb ki, məni yedirdir və içirdir;
80. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
81. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
82. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
83. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
84. Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!
85. Məni Nəim bağının varislərindən et!
86. Atamı bağışla! Çünki o, azmışlardandır.
87. Onların dirildiləcəyi gün məni rüsvay etmə!
88. O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verər.
89. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
90. Cənnət müttəqilərə yaxınlaşdırılar.
91. Cəhənnəm də azğınlara göstərilər.
92. Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –
93. Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
94. Onlar azğınlarla birlikdə Cəhənnəmə atılarlar,
95. İblisin bütün əsgərləri də, həmçinin.
96. Onlar orada höcətləşərək deyərlər:
97. “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
98. o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
99. Bizi ancaq günahkarlar azdırdı.
100. İndi isə bizim nə şəfaətçilərimiz,
101. nə də bizə canıyanan bir dostumuz var!
102. Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
103. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
104. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
105. Nuh tayfası da elçiləri yalançı saydı.
106. O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
107. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
108. Allahdan qorxun və mənə itaət edin.
109. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
110. Allahdan qorxun və mənə itaət edin!”
111. Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
112. Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!
113. Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
114. Mən iman gətirənləri qovan deyiləm.
115. Mən yalnız açıq-aşkar bir qorxudanam”.
116. Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
117. Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
118. Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
119. Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
120. Yerdə qalanları isə suya qərq etdik.
121. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
122. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
123. Ad tayfası da elçiləri yalançı saydı.
124. O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
125. Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
126. Allahdan qorxun və mənə itaət edin!
127. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
128. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
129. Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
130. Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?
131. Allahdan qorxun və mənə itaət edin!
132. Bildiyiniz nemətləri sizə verəndən qorxun.
133. O sizə heyvanat və oğul-uşaq verdi,
134. üstəlik bağlar və çeşmələr də əta etdi.
135. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
136. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
137. Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
138. Biz əzaba düçar olan da deyilik”.
139. Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
140. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
141. Səmud tayfası da elçiləri yalançı saydı.
142. O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
143. Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm.
144. Allahdan qorxun və mənə itaət edin.
145. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
146. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
147. Bağlar və bulaqlar içində,
148. əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?
149. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
150. Allahdan qorxun və mənə itaət edin!
151. Həddi aşanların əmrinə tabe olmayın.
152. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.
153. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
154. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
155. Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz).
156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
157. Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
158. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
159. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
160. Lut tayfası da elçiləri yalançı saydı.
161. O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?
162. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
163. Allahdan qorxun və mənə itaət edin!
164. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
165. Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
166. və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
167. Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
168. O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
169. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
170. Biz onu və onun bütün ailəsini xilas etdik.
171. Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
172. Sonra da o birilərini yerlə yeksan etdik.
173. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
174. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
175. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
176. Əykə əhli də elçiləri yalançı saydı.
177. O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
178. Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm.
179. Allahdan qorxun və mənə itaət edin!
180. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
181. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
182. Düz tərəzi ilə çəkin.
183. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
184. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
185. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
186. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.
187. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
188. Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
189. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
190. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
191. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
192. Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
193. Onu sadiq ruh Cəbrail endirdi –
194. sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
195. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi.
196. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
197. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
198. Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
199. və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
200. Biz küfrü günahkarların qəlbinə belə salarıq.
201. Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.
202. O əzab onlara özləri də hiss etmədən qəflətən gələcək.
203. Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
204. Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
205. Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
206. sonra vəd olunduqları əzab onlara yetişsə,
207. onlara nəsib olmuş firavanlıq, əzabımızı onlardan dəf edə bilməz.
208. Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
209. Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq!
210. Quranı şeytanlar endirmədi.
211. Onlar buna layiq deyillər və heç bunu bacarmazlar da.
212. Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.
213. Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
214. Ən yaxın qohumlarını qorxut!
215. Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
216. Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
217. Qüdrətli və Rəhmli olan Allaha təvəkkül et!
218. O səni namaza duranda da görür,
219. səcdə edənlər içində hərəkət edəndə də.
220. Həqiqətən də, O, Eşidəndir, Biləndir!
221. Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222. Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
223. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
224. Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.
225. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
226. və etmədikləri şeylərdən danışırlar?
227. Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra İslam dinini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.