ترجمة سورة النبأ

Alikhan Musayev - Azerbaijani translation
ترجمة معاني سورة النبأ باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation .


Onlar nə barədə bir-birindən soruşurlar?

Böyük bir xəbər barəsində –

elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.

Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!

Bir daha xeyr! Onlar hökmən biləcəklər!

Məgər Biz yeri yataq etmədikmi?

Dağları da payalar?!

Biz sizi cüt yaratdıq.

Yuxunuzu da sizin üçün rahatlıq etdik.

Gecəni örtük etdik,

gündüzü isə ruzi qazanmaq vaxtı.

Üstünüzdə yeddi möhkəm göy qurduq

və çox parlaq bir çıraq yaratdıq.

Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,

onunla taxıl və digər bitkilər yetişdirək,

habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.

Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.

O gün göyün qapıları açılacaqdır.

Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.

Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.

O, həddi aşanların qayıdacağı yerdir.

Onlar orada əsrlər boyu qalacaqlar.

Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.

İçdikləri yalnız qaynar su və irin olacaq –

Törətdikləri əməllərinə uyğun bir cəza kimi.

Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.

Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.

Biz hər bir şeyi hesablayıb yazmışıq.

Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.

Həmçinin bağlar və üzümlüklər,

dolğun döşlü həmyaşıd qızlar

və ləbələb doldurulmuş qədəhlər də vardır!

Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.

Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.

Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.

Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.

O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
Icon